"Turkiye Today": Türkiyə müdafiə sənayesi rəsmilərinin Azərbaycanda görüşləri
Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın müdafiə sənayesinin rəsmiləri ilə görüş keçirmək üçün Azərbaycana səfər edib.
"Turkiye Today" saytı yazır ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə danışıqlar aparılıb. Görüş zamanı müdafiə sektorunda birgə layihələr və texnologiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, iki ölkə arasında strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində Haluk Görgün Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşüb. Nazir V.Mustafayev H.Görgünə Azərbaycanın müdafiə sektorunda əldə olunan son nailiyyətlər, gələcək planlar barədə məlumat verib. Eyni zamanda Türkiyənin müdafiə sahəsindəki təcrübəsi müzakirə mövzusu olub.
"TRT AVAZ": Türkiyə-Azərbaycan Universiteti yeni tədris ilində tələbələrini qarşılayacaq
"TRT AVAZ" saytının məlumatında deyilir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Türkiyə-Azərbaycan Universitetinin yeni tədris ilində tələbələrini qarşılamağa hazır olduğunu açıqlayıb. Nazir qeyd edib ki, Azərbaycan Texniki Universitetinin tərəfdaşlığı ilə fəaliyyət göstərəcək TAU-da Orta Şərq Texniki Universiteti ilə birgə kompüter mühəndisliyi, İstanbul Texniki Universiteti ilə birgə sənaye mühəndisliyi və Hacettepe Universiteti ilə birgə qida mühəndisliyi ixtisasları üzrə tədris təşkil olunacaq: "Gənclərimizi ali təhsil sahəsində həyata keçirilən belə əhəmiyyətli layihələrdən fəal şəkildə yararlanmağa çağırıram. Ölkəmiz və təhsilimiz üçün uğurlu olsun!".
Qeyd edək ki, 2024-cü il fevralın 19-da Ankarada Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.
"Eurasianet": Sülh sazişinə doğru daha bir addım
Ermənistan və Azərbaycan daha bir ciddi maneəni aradan qaldırmağa müvəffəq olub, lakin davamlı sülh müqaviləsinin bağlanması istiqamətində mövcud problemlər həll olunmalıdır.
"Eurasianet" saytı Azərbaycanla Ermənistan arasında son dönəmlərdə baş verən dəyişikliklərin geniş təhlilini aparıb. Məqalədə qeyd olunur ki, avqustun əvvəlində rəsmi Bakı təsdiq edib ki, Ermənistan rəsmiləri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan eksklavını birləşdirən quru dəhlizə nəzarətlə bağlı müddəanı sülh sazişi layihəsindən çıxarmağa razılıq veriblər. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı hüquqi məsələ davam edən sülh danışıqlarında maneə idi. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bəyan edib ki, qarşılıqlı razılığa nail olmaq üçün daha əlverişli şərait yaranacağı təqdirdə, bu məsələyə sonra qayıtmaq mümkündür.
Bu bəyanat son aylarda bir qədər səngiyən sülh prosesinin bərpa olunduğunu göstərir. Görünür, iki dövlətin nümayəndələri arasında birbaşa danışıqların nəticəsi uğurlu olub. Əvvəl sülh danışıqları Rusiya, ABŞ, Fransa və Almaniyanın vasitəçiliyi ilə aparılırdı. Bu isə bir daha vasitəçisiz danışıqların effektivliyini gündəmə gətirib.
"Vestnik Kavkaza": Bakı-Tbilisi-Qars dəmir yolunu idarə edəcək birgə müəssisə yaradılıb
Gürcüstan və Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstanın Marabda şəhərindən Türkiyə sərhədi yaxınlığındakı Kartsaxiyə qədər olan hissəsini idarə etmək üçün "BTKI Railways" MMC adlı birgə müəssisə yaradıblar.
"Vestnik Kavkaza" xəbər verir ki, yeni müəssisə BTQ üzrə əməliyyatların səmərəli idarə olunması və yeni yüklərin cəlb edilməsi istiqamətində fəaliyyət göstərəcək, regionda strateji nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin potensialının dəfələrlə artırılmasında həlledici rol oynayacaq.
Yeni şirkətin qarşısında BTQ-də yükdaşımaların səmərəliliyini və Orta Dəhlizin potensialını artırmaq kimi vəzifələr də qoyulub.
"EastFruit": Özbəkistan və Azərbaycan kənd təsərrüfatı məhsullarının ticarət həcmini artırmaq niyyətindədir
Azərbaycan və Özbəkistan kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq istəyir.
"EastFruit" xəbər verir ki, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Elçin Zeynalov Azərbaycanın Özbəkistanla əməkdaşlığın dərinləşdirilməsində, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.
Rəsmilər iki ölkə arasında müasir texnologiyaların mübadiləsi, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində qarşılıqlı fəaliyyət üçün potensialın olduğunu vurğulayıblar.
"Respublika".