Belə ki, bir müddət əvvəl ciftin vaxtından əvvəl ayrılması, vaxtından əvvəl doğuş, tənəffüs pozğunluğu (distress) sindromu, neonatal sepsis diaqnozları ilə doğulan üçəmlər sağlam şəkildə evə yola salınıblar. Üçəmin birinci tayı 31-32 həftəlik hamiləlik, 1 400 qr. çəkidə, 42 sm boyunda, ikinci tayı 1 500 qr. çəkidə, 43 sm boyunda, üçüncü tayı 1 300 qr. çəkidə, 42 sm boyunda dünyaya gəlib. Üçü də oğlan uşağıdır.
Xəstəxananın ictimaiyyətlə əlaqələr şöbəsindən "Respublika"ya verilən məlumata görə, körpələrin vəziyyətlərinin ağırlıq dərəcəsi doğularkən Apqar şkalası ilə 3/4 balla qiymətləndirilib. Bu səbəbdən elə doğum zalında körpələrin səhhəti ilə bağlı reanimasion tədbirlər görülüb, həyat göstəriciləri bərpa olunub. Bundan sonra körpələr dərhal küvezə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub, vəziyyətlərinə uyğun olaraq Cpap rejiminə, ardınca O2-ə keçirilib.
Körpələrdə qidalanma pozğunluğu, bağırsaq iltihabı (NEK) olduğundan onların qidalandırılması uzun müddət mümkün olmayıb. Ağciyərlərindən qanlı bəlğəm ifrazı və ürək çatışmazlığı qeyd olunub, A/T davamlı aşağı olduğu üçün həmçinin ikili inatrop dəstək alıb.
Hazırda körpələrin vəziyyəti normaldır.
Röya RÜSTƏMLİ,
"Respublika".