“Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində icra edilən “Əlilliyi olan uşaqlara və onların valideynlərinə COVID-19 pandemiyasından sonra normal həyata qayıtmaq, pandemiyanın təsirləri ilə mübarizə aparmaq üçün dəstək” təşəbbüsünü reallaşdırıb.
İctimai Birlikdən “Respublika”ya bildirilib ki, layihə 2023-cü ilin sentyabrından başlayaraq bu ilin avqustunadək davam edib. Təşəbbüsün ümumi məqsədi əlilliyi olan uşaqların valideynləri arasında bacarıqların artırılması yolu ilə onlar üçün inklüziv və keyfiyyətli mühiti dəstəkləmək olub. Layihənin digər məqsədi isə əlilliyi olan uşaqların valideynlərinin pandemiya və digər qlobal sağlamlıq böhranı dövründə əlilliyi olan övladlarının ehtiyaclarını ödəyə bilmək iqtidarında ola bilmələrinə dəstək verməkdir. Layihə Bakı, Gəncə, Xaçmaz, Qazax və Quba regionlarını əhatə edib.