SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

Bu içkilər həyatınıza son qoya bilər

Mayo Klinikasının mütəxəssisləri enerji içkilərinin istehlakı ilə qəfil ürək dayanması arasında əlaqə tapıblar.

Tədqiqatda qəflətən ürəyi dayanan 144 nəfər müayinədən keçirilib və onların 5 faizinin müntəzəm olaraq enerji içkiləri istehlak etdiyi ortaya çıxıb. Birbaşa səbəb olmasa da mütəxəssislər bunun içkilərin tərkibindəki yüksək kofein və digər komponentlərlə əlaqəli olduğunu söyləyirlər.

Mayo Klinikasından kardioloq-genetik Maykl Akerman enerji içkilərinin ürək xəstəliklərinə genetik meyli olan insanlar üçün xüsusi risk yaratdığını vurğulayıb. Akerman əlavə olaraq qeyd edib ki, ABŞ-da enerji içkilərinin populyarlığı durmadan artır və buna görə də onların sağlamlığa təsirini diqqətlə öyrənmək lazımdır.

Qeyd edək ki, enerji içkilərinin hər porsiyasında təxminən 80-300 milliqrama yaxın kofein var ki, bu da bir fincan dəmlənmiş qəhvənin tərkibindəki kofeindən çoxdur. Tibb mütəxəssisləri potensial riskləri azaltmaq üçün bu içkilərin istehlakını məhdudlaşdırmağı tövsiyə edirlər.

Qarında şişkinliyin səbəbi nədir?

Qidalanma və pəhriz mütəxəssisləri müəyyən ediblər ki, həddindən artıq yemək, yeməkləri yaxşı çeynəmədən udmaq və lifli qidalardan daha çox istifadə şişkinliyi artıra bilər. Bundan əlavə, məlum olub ki, çox hava udmaq da bu problemin yaranmasına yol açır.

"Yediyimiz və içdiyimiz bütün qidalarla birlikdə havanı da uduruq. Sürətli yemək yeyən insanlarda isə bu daha çoxdur. Belə insanlar çox hava udduqları üçün bu onlarda şişkinlik yaradır", - deyə mütəxəssislər qeyd ediblər. Onlar şişkinliyin qarşısını almaq üçün qidalanma ilə bağlı bəzi məsləhətlər veriblər. Ekspertlər bildiriblər ki, yüksəklifli və həzmi çətin olan qidalar (brokkoli, gül kələmi, kələm, turp, qoz-fındıq, paxlalılar və. s.) şişkinliyə səbəb olur.

Lifli qidalar əslində mədə-bağırsaq sağlamlığımız üçün vacib olsa da, həddindən artıq qəbul edilməməlidir. Şişkinliyin qarşısını almaq üçün vacib şərtlərdən biri də həyat tərzində edilən dəyişiklikdir. Bura porsiyalara diqqət etmək, yavaş-yavaş yemək, müntəzəm olaraq idmanla məşğul olmaq daxildir.

Toyuğun bu hissələrini yeməyin

Hər kəsin sevərək istehlak etdiyi toyuq əti yumurtadan sonra ən çox protein tərkibli qidalardan biridir. Zülal əzələləri bərpa etmək, immunitet sistemini gücləndirmək və enerji vermək üçün vacib bir komponentdir. Lakin bu qidanın müəyyən hissələri orqanizm üçün zərərli hesab edilir. Bəs onun hansı hissələrini yemək olmaz?

Toyuğun qanadlarında demək olar ki, ət yoxdur, onun çox hissəsi dəri və xolesterindən ibarətdir. Bu səbəbdən də onun bu hissəsini yemək məsləhət görülmür. Toyuğun boynunda isə toksinlərin və bakteriyaların toplandığı limfa düyünləri mövcuddur. Həmçinin onun ağciyərlərini, quyruğunu və ayaqlarını yemək tövsiyə edilmir. Onun ən sağlam hissəsi sinəsidir. Ayaqları isə dərisiz yeyildikdə faydalıdır. Qeyd edək ki, bu ətin marinad edilməsi də düzgün hesab edilmir.

Kim daha sağlam qocalır: qadınlar, yoxsa kişilər?

Harvard Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, dünya üzrə yalnız on insandan biri sağlam qocalır. Araşdırmanın nəticələrinə görə, onların çoxu qadınlardır. Belə ki, zərif cinsin nümayəndələrinin sağlam qocalma şansının kişilərdən 29 faiz daha artıq olduğu məlum olub.

Tədqiqatçılar sağlam qocalmağa kömək edən dörd əsas amili müəyyən ediblər: xroniki xəstəliklərin mövcud olmaması, sabit psixi vəziyyət, zehni aktivliyin qorunub saxlanması və müntəzəm sosial əlaqə. Məlum olub ki, iştirakçıların yalnız 11.9 faizi (demək olar ki, hər on nəfərdən biri) bu meyarlara cavab verir. Alimlər həmçinin hesablayıblar ki, düzgün həyat tərzi keçirənlərin sağlam qocalma ehtimalı 3.5 dəfə çoxdur. Sağlam həyat tərzi dedikdə balanslaşdırılmış qidalanma, müntəzəm fiziki hərəkət, siqaretdən imtina və spirtli içkilərin orta dərəcədə istehlakı nəzərdə tutulur.

Araşdırmanın nəticələri göstərib ki, qadınların kişilərlə müqayisədə sağlam qocalma ehtimalı 29 faiz daha çoxdur. Bundan əlavə, gəlir səviyyəsi də 50 yaşdan yuxarı insanların daha sağlam olmalarına təsir edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".