SİNVARIN HƏMAS LİDERİ SEÇİLMƏSİ DANIŞIQLARI ÇƏTİNLƏŞDİRƏ BİLƏR
Yəhya Sinvarın HƏMAS hərəkatının siyasi bürosunun yeni rəhbəri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Açıqlamaya əsasən, Sinvar HƏMAS lideri olmaqla ABŞ-ın Fələstində sülhün əldə edilməsi cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir.
Bununla yanaşı, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar. Bu isə baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtlərini razılaşdırmasını çətinləşdirir.
Nəşr həmçinin əlavə edib ki, HƏMAS-ın yeni liderinin İsrail ordusunun bir nömrəli hədəfinə çevrilməsi onun hərəkata rəhbərlik etməsinə və atəşkəslə bağlı danışıqlar aparmasına mane olur.
NİGER PREZİDENTİ FRANSANI ÖLKƏDƏ SABİTLİYİ POZMAQDA İTTİHAM EDİB
Nigerin keçid dövrünün prezidenti Abdurəhamane Tiani növbəti dəfə Fransanı ölkəsində sabitliyi pozmaqda və Qərbi Afrikada terroru dəstəkləməkdə ittiham edib. Məlumata görə, bu barədə A.Tiani Nigerin Milli Günü münasibətilə televiziyaya verdiyi müsahibədə bildirib.
“Nigerdə sabitliyi pozmaq kimi qeyri-sağlam addımlar ərazimizdən qovduğumuz Fransa Xarici Təhlükəsizlik Baş Direktorluğunun bütün agentlərinin yenidən yerləşdirilməsi ilə yayılır. Onlar yenidən Benində və Nigeriyada yerləşiblər”, - deyə prezident vurğulayıb.
Dövlət başçısı fransız agentlərinin terror təşkilatları ilə əməkdaşlıq etdiyini bildirərək, sabitliyi pozmaq istəyinin fakt olduğunu diqqətə çatdırıb. O, həmçinin qeyd edib ki, ölkədən ilk çıxan fransızlar 2023-cü ilin oktyabrında “Boko Haram” və “İswap” silahlıları ilə görüşüblər.
“Onlar bu terrorçulara Nigeriya dövlətinə, eləcə də fransız əsgərlərindən onların ərazilərini tərk etmələrini tələb edən yeni Nigeriya hakimiyyətinə qarşı açıq müharibəyə getməyi təklif ediblər”, - deyə A.Tiani xatırladıb. O, Fransa tərəfinin terrorçulara silah çatdırdığını da bəyan edib.
RUSİYA HƏRBİ TƏLİMLƏRƏ GÖRƏ YAPONİYAYA ETİRAZINI BİLDİRİB
Rusiya Yaponiya tərəfinə ölkənin Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin yolverilməzliyini qeyd edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan məlumatda qeyd olunur.
Açıqlamaya görə, avqustun 7-də Yaponiyanın Rusiyadakı səfirliyinə 18-26 iyul tarixlərində, o cümlədən Rusiyanın sərhədlərinə yaxın yerləşən Hokkaydo ərazilərində Yaponiya-Amerika birgə “Orient Shield” təlimi ilə əlaqədar sərt etiraz edilib.
Bununla yanaşı, Moskvada Yaponiya tərəfinə Rusiyanın təhlükəsizliyinə potensial təhdid kimi qiymətləndirilən Uzaq Şərq sərhədləri yaxınlığında təxribat xarakterli hərbi fəaliyyətin qəti şəkildə yolverilməzliyi qeyd edilib.
Eyni zamanda, vurğulanıb ki, Rusiya təlimlərlə bağlı müdafiə qabiliyyətini gücləndirmək üçün adekvat cavab tədbirləri görə bilər.
SENA ÇAYININ ANALİZİ FƏRQLİ REALLIĞI ÜZƏ ÇIXARIB
Sena çayının suyunun keyfiyyəti ilə bağlı analizlər Olimpiya və Paralimpiya oyunlarının təşkilatçılarının arxayınlaşdırıcı bəyanatlarından çox fərqli reallığı ortaya çıxarıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “Mediapart” nəşri məlumat yayıb.
Paris meriyası nəzdində olan “Eau de Paris” laboratoriyasının götürdüyü gündəlik nümunələr göstərib ki, suyun keyfiyyəti Olimpiadanın başlanmasından bəri yalnız iki gün qənaətbəxş olub.
Olimpiya Oyunlarının təşkilatçıları isə suyun keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasını təmin etdiklərini qeyd ediblər. Lakin iyulun 27-dən avqustun 5-dək toplanmış məlumatlar suyun davamlı çirkli olduğunu göstərib.
Sena çayında “Escherichia coli” bakteriyası və bağırsaq enterokoklarının səviyyəsi normal həddən çox yüksək olub.
Məlumata əsasən, çayın suyunu artıran və çirkləndiriciləri yayan güclü yay yağışları vəziyyəti daha da pisləşdirib. Həmçinin bütün triatlon məşqləri təxirə salınmalı olub və idmançılar avqustun 5-də qarışıq estafet zamanı çirkli suda üzdükdən sonra narazılıqlarını bildiriblər.
BÖYÜK BRİTANİYA MÜDAFİƏ XƏRCLƏRİNİ AZALTMAĞI NƏZƏRDƏN KEÇİRİR
Böyük Britaniyanın Müdafiə Nazirliyi hökumətin büdcədə boşluq aşkar etməsindən sonra hərbi xərcləri azaltmağı nəzərdən keçirir. Bu barədə “Financial Times” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Verilən xəbərə görə, krallığın Müdafiə Nazirliyi hərbi-sənaye kompleksinin müəssisələrinə ölkədəki maliyyə çətinliyi ilə əlaqədar büdcənin azaldılmasının mümkün yolları barədə hesabat təqdim etmək xahişi ilə müraciət edib.
Eyni zamanda, nəşr qeyd edib ki, belə bir qərar bəzi hərbi müqavilələrin icrasında gecikmələrə səbəb ola bilər.
Qeyd edək ki, bu ərəfədə Böyük Britaniyanın müdafiə naziri Con Hili hərbi xərclərin ÜDM-in 2,5 faizinə qədər artırılmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin rəsmi Londonun bu məqsədə necə nail olmağı planlaşdırdığını ətrafılı açıqlamayıb.
ÇİLİdƏ elektrik enerjisinin olmaması sƏbƏbindƏN Etiraz aksiyaları başlayıb
Çilidə 100 mindən çox insanın bir həftədir işıqsız qaldığı bir vaxtda ölkə sakinləri etiraz əlaməti olaraq yollarda və körpülərdə barrikadalar qurmağa başlayıblar. Bu barədə Çilinin “La Tercera” qəzetinin xəbərində qeyd olunur.
Məlumata əsasən, avqustun 7-si axşam saatlarına olan məlumata görə, 117 mindən çox insan işıqsız qalıb, onlardan 82 mini paytaxt regionunda yaşayır. Bu isə əhalini nümayiş keçirməyə sövq edib.
Eyni zamanda, paytaxtın La Reyna kommunasında əhali yollarda müxtəlif əşyalar yandırır. Santyaqo şəhərinin ətrafındakı Kolində isə sakinlər etiraz əlaməti olaraq şəhərə aparan körpünün üstündə barrikadalar qurublar. Oxşar vəziyyət digər ərazilərdə də müşahidə olunur.
Bununla yanaşı, nəşrin xəbərinə görə, elektrik enerjisi ilə bağlı məsul şirkət olan “Enel” hələ də enerjinin verilməsini bərpa edə bilmədiyi üçün, həmçinin qəzaların nəticələrinə gec reaksiya verildiyinə görə sakinlər etiraza qalxıblar.
ŞAHMATÇI OYUN MASASINA CİVƏ TÖKƏRƏK RƏQİBİNİ ZƏHƏRLƏYİB
Rusiyalı şahmatçı Amina Abakarova oyun masasına civə tökərək rəqibini zəhərləyib. Bu barədə “Teleqraf.com” Rusiya mediasına istinadən məlumat yayıb.
Rusiya mediasında yer alan xəbərlərə görə, turnir başlayandan sonra Abakarovanın rəqibi Umayqanat Osmanovanın vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib.
Bundan sonra yarışın təşkilatçıları kamera görüntülərini araşdırıb və müəyyən ediblər ki, Abakarova rəqibini zəhərləmək üçün turnirdən öncə oyun masasının üzərinə civə töküb.
Rusiya Şahmat Federasiyasından verilən açıqlamada Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq milli yarışlardan kənarlaşdırıldığı açıqlanıb.
Eyni zamanda, xəbər verilir ki, məhkəmə araşdırması yekunlaşdıqdan sonra Abakarovanın yarışlarda iştirakına ömürlük qadağa qoyula bilər.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.