Şəhid ailələri ziyarət olunub
Sosial həyat

Şəhid ailələri ziyarət olunub

Mingəçevir

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi dövlətimizin və ordumuzun qüdrətini bütün dünyaya göstərməklə yanaşı, həm də ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu, bu torpaqların əsl sahibinin kim olduğunu sübut etdi. Qazandığımız bütün Qələbələr şəhidlərimizin qanı, canı, qazilərimizin sağlamlığı bahasına əldə edildi. Şanlı Zəfəri bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, müharibə əlillərinə, müharibə iştirakçılarına qayğı vətəndaş olaraq hər birimizin ən ümdə vəzifəsi olmalıdır. Vətən naminə döyüşən qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Mingəçevir şəhərində də real əksini tapır. Şəhid ailələri, qazilər hər zaman ziyarət olunur.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev səhhətləri ilə əlaqədar Mingəçevir Mərkəzi Xəstəxanasında müalicə alan hər iki övladı şəhid olmuş Sevinc Əhmədovanı və Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı Xəlilova Arzu xanımı ziyarət edib, onların səhhətləri ilə maraqlanıblar. “Mingəçevir Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktor əvəzi Ülfət Qurbanov şəhid anasının, şəhid ailəsinin müalicə olunan xəstələrin səhhəti barədə məlumat verərək vəziyyətlərinin normal olduğunu, həkimlərin əlindən gələni əsirgəmədiyini, hər cür kömək göstərildiyini bildirib.

Zabit XƏLİLOV,

“Respublika”.