Paris - 2024 Yay Olimpiya Oyunları
İdman

Paris - 2024 Yay Olimpiya Oyunları

Azərbaycan nümayəndə heyəti güləş yarışlarını izləyiblər

Dünən Yay Olimpiya Oyunları çərçivəsində keçirilən güləş yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov da canlı izləyib.

Azərbaycanın Olimpiya Evində görüş

Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində beynəlxalq taekvondo ailəsi ilə görüş olub. Tədbirdə Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou və müxtəlif ölkələrin taekvondo federasiyalarının rəhbərləri iştirak ediblər.

Qonaqlar burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüblər.

Türkiyə idmançıları yarımfinalda

Türkiyənin qadın voleybolçulardan ibarət komandası 1/4 finalda Çin təmsilcisinə 3:2 hesabı ilə qalib gələrək yarımfinala çıxıb.

İdmançımız bürünc medal uğrunda yarışacaq

Yunan-Roma güləşçimiz Yay Olimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb. 77 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Sənan Süleymanov finala gedən yolda qazaxıstanlı Demeu Jadrayevlə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb - 1:6.

Beləliklə, idmançımız yarımfinalda məğlub olaraq bürünc medal uğrunda yarışacaq. Üçüncü yer uğrunda görüş bu gün olacaq.

Güləşçilərimiz bu gün qüvvəsini sınayacaq

XXXIII Yay Olimpiya Oyunları çərçivəsində təşkil olunan yunan-Roma güləşi üzrə yarışlarda növbəti günün püşkatma mərasimi keçirilib.

Klassiklərimizdən Həsrət Cəfərov (67 kq) ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan başlayacaq.

7 avqust

Yunan-Roma güləşi

67 kq

Həsrət Cəfərov - Mohamed Elsayed (Misir)

87 kq

Rafiq Hüseynov - David Loşontsi (Macarıstan)

Qeyd edək ki, yunan-Roma güləşi üzrə yığmamız “Paris-2024”ə beş idmançı ilə yollanıb.

İspaniya millisi Braziliyanın rekordunu təkrarlayıb

Futbol üzrə İspaniya millisi (U-23) Yay Olimpiya Oyunlarında rekordu təkrarlayıb. Belə ki, yığma yarımfinal matçında Mərakeşi 2:1 hesabı ilə məğlub etməklə olimpiadalar tarixində beşinci dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıb. Daha əvvəl Braziliya seçməsi eyni sayda final matçında iştirak edib.

İspaniya millisi 1920, 1992, 2000, 2021-ci illərdəki yarışda da bunu bacarıb.

Qeyd edək ki, komanda avqustun 9-da final oyununda Fransa kollektivi ilə üz-üzə gələcək.

Dördqat Olimpiya mükafatçımız beşinci olimpiadasında mükafatsız qaldı

Qadın güləşçimiz Mariya Stadnik Fransanın XXXIII Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

Belə ki, 50 kq çəki dərəcəsində yer alan idmançımızın 1/4 finalda məğlub olduğu rəqibi Monqolustan təmsilçisi Otqonjarqal Dolqorjavanın finala vəsiqə qazana bilməməsi olub. O, yarımfinalda ABŞ-lı Sara Hildebranta uduzub. Beləliklə, dördqat Olimpiya mükafatçımız iştirak etdiyi beşinci olimpiadasını mükafatsız başa vurub.

Qeyd edək ki, M.Stadnik 1/8 finalda almaniyalı Anastasiya Blavyasa qalib gəlsə də monqolustanlı Otqonjarqal Dolqorjava məğlub olub.

40-dan çox idmançıda koronavirus aşkarlanıb

"Sport-Express"in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Mariya Fon Kerkov bildirib.

Qeyd edib ki, son aylarda bir çox ölkədə COVID-19 hallarında artım müşahidə edilir.

Sabah Şəriəti “Paris-2024”ü medalsız başa vurdu

“Paris-2024” Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə üçüncü yer uğrunda görüşlərdə 130 kq çəki dərəcəsində mübarizə aparan pəhləvanımız Sabah Şəriəti iranlı Amin Mirzəzadə məğlub olduğundan “Paris-2024”ü medalsız başa vurub.

Qeyd edək ki, Sabah Şəriəti 1/8 finalda estoniyalı Heyki Nabiyə, növbəti mərhələdə isə qazaxıstanlı Alimxan Sızdıkova qalib gəlsə də yarımfinalda kubalı dördqat Olimpiya, beşqat dünya çempionu Mixain Lopesə məğlub olub.

Şam yeməyinə görə finalda iştirak etmədi

Yay Olimpiya Oyunlarında 200 metr məsafəyə üzgüçülük yarışlarının finalında qəribə hadisə baş verib. Verilən məlumata görə, israilli idmançı Anastasiya Qorbenko olimpiadanın finalını Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi şam yeməyinə görə qaçırıb. O, yarımfinalda ən yaxşı 9-cu nəticəni göstərdiyindən final üçün ilk ehtiyat idmançı olub. Avstraliyalı Ella Ramzi xəstələndiyi üçün onu israilli üzgüçü əvəzləməli idi.

Lakin Anastasiya Qorbenko bundan yalnız finalın startına 25 dəqiqə qalmış xəbər tutub. Həmin vaxt BOK-un təşkil etdiyi şam yeməyində olan Qorbenko beləcə finaldan kənarda qalıb.

İkinci ehtiyat üzgüçü də vaxtında çata bilmədiyi üçün final yarışında yeddi idmançı iştirak edib və kanadalı üzgüçü qələbə qazanıb.

Sena çayında yaranan problemlər idmançılarda stress yaradıb

Belə ki, Parisdə yağan leysan yağışlarla birlikdə bütün pis şeylərin Sena çayına axması səbəbindən start ərəfəsində iki məşqimiz ləğv edildi.

Triatlonçular yarış başlamazdan əvvəl suyun normal vəziyyətə düşəcəyini gözləyirdilər. Lakin yarış günü səhər saat 4-də öyrəndik ki, başlama vaxtı növbəti günə təxirə salınıb. Onların hadisə ilə bağlı 8 ssenarisi var idi və biz, sadəcə, başlamağı gözləyirdik. İlk növbədə yarışı Sena çayında keçirməyə ehtiyac yox idi. Xüsusilə də bir il əvvəl nümayiş xarakterli yarışlar zamanı üzgüçülüyün ləğvi ilə bağlı presedent artıq var idi və təşkilatçılar müxtəlif ssenarilər düşünməyə başlamışdılar. Onlar yarışı Parisin ən gözəl yerlərindən birində keçirməyə çalışırdılar, lakin təəssüf ki, idmançıların fikirlərinə əhəmiyyət verən olmadı. Yarışların təxirə salınması, məsafə ilə bağlı qeyri-müəyyənlik, triatlon, yoxsa duatlon olacaq - bunlar bütün idmançılarda böyük stress yaratmışdı.

M.NƏRİMANOĞLU,

"Respublika".