Paris - 2024 Yay Olimpiya Oyunları
İdman

Paris - 2024 Yay Olimpiya Oyunları

Olimpiya çempionlarımız vətənə qayıdırlar

“Paris 2024” Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımız Vətənə qayıdırlar.

Qeyd edək ki, cüdo üzrə yığma komandamızın üzvləri Hidayət Heydərov (-73 kq) və Zelim Kotsoyev (-100 kq) “Paris 2024” Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Bu nəticə ilə komandamız Yaponiya komandasından (3 qızıl, 1 gümüş, 3 bürünc) sonra cüdo yarışlarını ümumi hesabda və kişilər arasında ikinci yerdə başa vuraraq tarixi nəticəyə nail olublar.

Açılış mərasimini Donald Tramp biabırçı Rəcəb Tayyib Ərdoğan isə əxlaqsızlıq adlandırıb

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında paylaşım edərək bildirib ki, Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində Fransa öz simasını deyil, "nəsə başqa bir şey" göstərdi.

O, Fransa Prezidenti Emmanuel Makronun açılışda ölkənin "əsl simasını" nümayiş etdirməsi ilə bağlı sözlərinə reaksiya verərək deyib ki, çoxları bunun başqa bir şey, bədənin bəzi digər hissələri olduğunu düşünürdü. Lakin Makron Fransanın indi belə bir sifətə sahib olmasında israr etdiyinə görə, o, əlbəttə ki, daha yaxşı bilir.

Parisdə Olimpiya Oyunlarının açılışı iyulun 26-da baş tutub. Bu hadisə cəmiyyətin və dini liderlərin hiddətinə səbəb olub. Qalmaqala səbəb Leonardo da Vinçinin "Son şam yeməyi" əsərinin parodiyası olub. Burada transvestitlər və yunan şərab tanrısı Dionis qiyafəsində çılpaq müğənni iştirak edib. Olimpiadanın təşkilat komitəsi tənqidlərə cavab olaraq üzr istəyib və bu kompozisiyanın heç bir dini qrupu təhqir etmək niyyəti daşımadığını vurğulayıb.

Qeyd edək ki, Zaxarova Oyunların açılış mərasimini "mənəvi çökmə" adlandırmışdı. ABŞ-ın sabiq Prezidenti Donald Tramp da onu biabırçı hesab edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin mərasimi əxlaqsızlıq adlandırıb.

Vəzifənin öhdəsindən sona qədər gələ bilmədim

Yay Olimpiya Oyunları çərçivəsində keçirilən akademik avarçəkmə yarışlarını 17-ci pillədə başa vuran idmançımız Diana Dımçenko C finalında 2000 metr məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət etməklə təmsil etdiyi idman növünün çətinliyindən də danışıb.

Qeyd edib ki, akademik avarçəkmə idman növü kənardan asan görünə bilər. Lakin mübarizə zamanı bütün diqqətini bir nöqtəyə yönəltmək vacib şərtdir. Startı necə başlamağın finişə də təsir edir. Təəssüf ki, startı yaxşı başlamadım. 1/4 finalda çox yaxşı idim. Azacıq uğurlu nəticə məni hər zaman irəli səsləyib. Lakin təəssüf edirəm ki, mərhələ səddini keçə bilmədim. Mübarizə zamanı Azərbaycan nümayəndə heyətinin və tamaşaçıların dəstəyini hiss etdim. Növbəti Olimpiya Oyunlarına qədər daha böyük təcrübə toplayıb, mənə göstərilən bu etimadı doğruldacağam.

Qeyd edək ki, Diana Dımçenko C finalında 2000 metr məsafəni 7 dəqiqə 35,19 saniyəyə qət edərək “Paris-2024”ü 17-ci pillədə başa vurub.

Basketbolçularımız məğlub olub

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi sonuncu matçında Kanada yığmasına 19:21 hesablı məğlub olub.

Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17, Çinə isə 21:19 hesabı ilə qalib gəlib.

Üzgüçümüz mübarizəni dayandırıb

Yay Olimpiya Oyunlarının üzgüçülük yarışlarında çıxış edən idmançımız Məryəm Şeyxəlizadəxangahın təsnifat mərhələsindəki yekun mövqeyi müəyyənləşib. Qadınlar arasında 50 m məsafəyə sərbəst üsulla üzmə yarışlarında çıxış edən idmançımız beşinci zolaqda 26.76 saniyə nəticə göstərərək üçüncü olub. Təəssüf ki, bu nəticə idmançımızın yarımfinala vəsiqə qazanmasına kifayət etməyib. O, 79 iştirakçı arasında 35-ci nəticə göstərərək mübarizəni dayandırıb.

Qeyd edək ki, ilk "16-lığ"a düşən idmançılar yarımfinala vəsiqə əldə ediblər.

Olimpiya kəndində qida ilə bağlı narazılıqlar artır

İdmançılar Olimpiya kəndində qida ilə bağlı narazılıqlarını bildiriblər.

"Le Figaro"qəzetində dərc olunan "Olimpiya kəndində idmançılar ac qalırlar" sərlövhəli məqalədə bu barədə geniş məlumat verilib. Bildirilib ki, idmançılar Olimpiya kəndindəki menyulardan müntəzəm olaraq şikayətləniblər. Porsiyaların çox az olması, ətin kifayət qədər bişirilməməsi, heyvan zülalının çatışmazlığı, çox uzun növbələrdən şikayətlər və narazılıqlar sosial şəbəkələrdə geniş yayılıb.

Honduraslı üzgüçü Julio Horreqonun sözlərinə görə, problem ərzağın çatışmazlığıdır. Gündəlik 5000 kaloriyə ehtiyacı olan idmançı səhər yeməyində yumurta tapmadığı üçün şoka düşüb.

Alman xokkeyçiləri yeməklərin keyfiyyətindən məyus olmaqla bərabər, pik saatlarda həddindən artıq uzun növbə olmasından şikayətlənirlər.

Amerikalı gimnastika ulduzu Simone Biles də Olimpiya kəndi mətbəxinin keyfiyyəti ilə bağlı son nöqtəni qoyub. Fərdi çoxnövçülük yarışında qızıl medalın sahibi mətbəxdə yeməklərin keyfiyyətsiz olduğunu deyib.

İlk gündən yumurta çatışmazlığından və toyuq ətinin yaxşı bişməməsindən şikayətlənən Britaniya idmançıları tənqidlərlə kifayətlənməyib, Olimpiya kəndinin mətbəxini boykot ediblər.

Qeyd edilib ki, idmançıların karyeraları həll olunduğu vaxt olimpiya kəndinin restoranında isti yeməklərin 33 faizi bitki mənşəlidir. Onlar daha çox vacib olan heyvan mənşəli zülallar, yumurta və ət tələb edirlər. İdmançıların həyatının həlledici vaxtında onların pəhrizini dəyişməyin vaxtı deyil.

M.NƏRİMANOĞLU,

"Respublika".