MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Quel Sarayı

Məşhur ispan memarı Antonio Qaudinin ilk əsərlərindən olan Quel Sarayı Qraf Eusebi Quelin sifarişi ilə tikilib. Kataloniya maqnatı iddialı layihəni həyata keçirmək üçün gənc memar Antonio Qaudiyə müraciət edib. Neo-qotik, son intibah, Bizans üslubu və katalon motivlərini birləşdirən Qaudi sarayın tikinti işlərinə 1886-cı ildə başlayıb, 1890-cı ildə isə başa çatdırıb. Barselonanın ən məşhur yaşayış binalarından biri olan Quel Sarayı gənc memarın "uğur bileti" olub. Məhz bu layihə 34 yaşlı Qaudiyə bir memar kimi özünü tam ifadə etməyə imkan verib. XX əsrin sonunda Quel Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Dəbdəbəli Quel malikanəsi dörd mərtəbədən ibarətdir. Memar sarayın fasadında əhəngdaşından hazırlanmış 127 növ dayanıqlı sütundan istifadə edib. Sarayın damında yerləşən və mozaik şəkildə düzülən 20 baca və havalandırma borularını isə müxtəlif rəng çalarlı keramika parçaları ilə bəzəyib. Evin dekorasiyası üçün Qaudi təbii daş və ağacdan, həmçinin keramika və şüşədən istifadə edib. Sarayın interyeri qraf ailəsi üçün xüsusi olaraq hazırlanmış əşyalarla döşənib. 2011-ci ildə Sarayda aparılan bərpa işlərindən sonra burada İncəsənət Muzeyi açılıb.

İslam İncəsənəti Muzeyi

Qətərin paytaxtı Dohada ənənəvi islam memarlığı üslubunda İslam İncəsənət Muzeyi inşa olunub. Qeyri-adi piramidal formaya malik əsərin müəllifi dövrümüzün ən məşhur memarlarından olan Çin əsilli ingilis rəsam, Pritsker mükafatı laureatı İo Min Pei olub. Muzeydən çox şeyxlərin iqamətgahını xatırladan binanın interyeri Jan Mişel Vilmottun komandası tərəfindən tərtib edilib. İnteryerin və eksteryerin bəzədilməsində bahalı materiallardan hazırlanmış həndəsi naxışlardan istifadə olunub. Binanın tikintisi 2006-cı ildə başa çatsa da təntənəli açılış mərasimi 2008-ci ildə baş tutub.

Kompleksin ümumi sahəsi 45 000 kvadratmetrdir. 5 mərtəbədən ibarət kompleksdə dövrümüzə qədər gəlib çıxan İslam sənətinin unikal kolleksiyası sərgilənir. Eksponatların arasında qədim əlyazmalar, zərgərlik məmulatları, ağac və metal əşyalar, xəncərlər, xalçalar və qədim sikkələr var. Burada həmçinin VI əsrə aid Quran saxlanılır. Binanın üç mərtəbəsində minimalist üslubda ağ və boz tonlarda dizayn edilmiş sərgi salonları yerləşir. Ağ daş bloklardan tikilən abidənin fasadında olan tağlı pəncərələr Fars körfəzinin qədim memarlıq ansambllarını xatırladır. Binada ərəb üslubunda bəzədilmiş müasir liftlər var. Möhtəşəm muzey geniş palma xiyabanı, fəvvarələr, hovuzlar və süni şəlalələrlə əhatə olunur.

Pascual və Pons Evi

İspaniyanın Barselona şəhərində 1890-1891-ci illər arasında tikilən Pascual və Pons Evi modernist memar Enrik Sanye tərəfindən layihələndirilib. Estetik və konstruktiv dizayna malik vahid kompleks iki binada cəmləşib. Hər iki bina Barselona sənaye burjuaziyasının "Qızıl Yüzlüyü"nün nümayəndəsi xanım İsidra Pons Serra tərəfindən sifariş edilib. O, evin birini özü və əri Sebastian Paskual de Bofarull, ikincisini isə ögey qardaşı Alehandro Pons və ailəsi üçün tikdirib. 1984-cü ildə binada restavrasiya işləri aparıldıqdan sonra burada "Catalana Occidente" şirkətinin baş ofisi yerləşdirilib. Barselonanın ən məşhur küçəsində yerləşən binaların fasadı Monjuik karxanalarının qum daşından hazırlanıb. Qotik üslubda dizayn edilən Pascual və Pons Evinin eksteryeri oyma daş və dekorativ ornamentlərlə bəzədilib.

Binanı digər tikililərdən fərqləndirən fasadın künclərində yerləşən iki qüllə və orta əsr personajlarının təsvir olunduğu vitraj pəncərələrdir. Daş və dəmir məhəccərlərlə bəzədilən dəbdəbəli eyvanlar isə malikanəyə xüsusi gözəllik verir. Yaşayış evləri və ofislərlə yanaşı, burada məşhur restoranlar və mağazalar fəaliyyət göstərir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".