Medal qazanan cüdoçularımızla görüş
Fransanın paytaxtı Parisdə yerləşən "Azərbaycan Olimpiya Evi"ndə “Paris-2024” Yay Olimpiya Oyunlarında medal qazanan cüdoçularımızla görüş olub.
Görüşdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, MOK-un baş katibi Azər Əliyev iştirak ediblər.
Görüş zamanı idamnçılarımızı qazandığı parlaq qələbə münasibəti ilə təbrik edən Çingiz Hüseynzadə bunu Azərbaycan idmanının növbəti böyük uğuru kimi qiymətləndirib. O, qeyd edib ki, qazanılan bu uğur növbəti yarış günündə mübarizə aparacaq idmançılarımız üçün də bir stimul olacaq.
Tədbirdə “Paris-2024” Yay Olimpiya Oyunlarının çempionları Hidayət Heydərov və Zelim Kotsoyev alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycandan üzr istəyib
Beynəlxalq Olimpiya Komitəsi (BOK) "Paris-2024" Yay Olimpiya Oyunlarının açılış mərasiminin şərhi zamanı "France2" telekanalının müxbirinin işlətdiyi ifadələrə görə Azərbaycandan üzr istəyib.
Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda qeyd edilib ki, bu cür sözlər Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsip və dəyərlərə ziddir. Buna görə də bu məsələyə cavabdeh qurum və şəxslərlə əlaqə saxlanılıb və gələcəkdə belə hallara yol verilməməsi üçün BOK-un iş prinsipi və protokolları xatırladılıb.
"Paris-2024" Yay Olimpiya Oyunlarının yayımçısı olan "France 2" telekanalının ölkəmizə qarşı tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirik", - deyə Gənclər və İdman Nazirliyindən bildirilib.
Batut gimnastımız: Öz çıxışımdan razı qalmadım
Batut gimnastımız Selcan Mahsudova “Paris-2024” Yay Olimpiya Oyunlarında növbəti çıxışını edib. İdmançımızın ikinci çıxışı hakimlər tərəfindən 53,750 balla qiymətləndirildiyi üçün 16 iştirakçı arasında 10-cu yeri tutub. İdmançımız "8-liy"ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.
İdmançımız Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirərkən qeyd edib ki, bu mənim ilk olimpiada yarışım idi. Azərbaycan batut gimnastik növündə ilk olimpiya lisenziyasını qazandım. Öz çıxışımdan tam razı qalmadım. Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır. Ümid edirəm ki, gəlcəkdə daha yaxşı çıxış edəcəm.
Taekvondoçumuz Parisə gedib
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransada keçirilən Yay Olimpiya Oyunları üçün Parisə yollanıb.
Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, onunla birlikdə məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev də Fransa paytaxtına yola düşüb.
Qaşım Maqomedov 58 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışlarına avqustun 7-də start veriləcək.
Millimiz qalib gəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi VI turda Çin yığmasına 21:19 hesabla qalib gəlib.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12, Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ millisini isə 20:17 hesabla məğlub edib.
Efirdə nümayişi qadağan edilmiş Rusiya bayrağı olub
Atletikanın çəkicatma yarışının yayımı zamanı efirdə ciddi səhvə yol verilib. Belə ki, Yay Olimpiya Oyunları çərçivəsində yarışın yayım zamanı Rusiya və SSRİ bayraqları eyni vaxtda nümayiş etdirilib. Kişilər arasında çəkicatma yarışında sovet idmançıları Yuri Sedıx və Sergey Litvinovun müəyyən etdiyi dünya və Olimpiya rekordları yer alıb. Sedıxın soyadının qarışısında SSRİ, Litvinovun soyadının qarşısında isə Olimpiya Oyunlarında nümayişi qadağan edilmiş Rusiya bayrağı olub.
Təmsilçimiz mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Uşanqi Kokauri növbəti görüşündə 100 kq-dan yuxarı çəki dərəcəsində təsəlliverici qarşılaşmada dünya çempionu, Kuba idmançısı Endi Qranda məğlub olduğundan mübarizəni dayandırıb.
Güləşçilərimiz Fransaya yollanıb
Azərbaycanın güləş üzrə olimpiya komandasının yarısı bu gün Fransaya gedib. Verilən məlumata görə, yunan-Roma güləşçiləri - Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq), eləcə də qadın güləşçimiz Mariya Stadnik (50 kq) Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Parisə yola düşüblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən yolasalma mərasimində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, digər güləşçilərimiz və olimpiyaçıların yaxınları iştirak ediblər.
Avqustun 5-də Murad Məmmədov və Sabah Şəriəti, növbəti gün Sənan Süleymanov (77 kq) və Mariya Stadnik (50 kq), Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) avqustun 7-də mübarizəyə start verəcək.
Qvatemala tarixində ilk Olimpiya çempionu
Qvatemalalı idmançı Adriana Ruano Oliva “Paris-2024” Yay Olimpiya Oyunlarında səngər atıcılığı üzrə qızıl medal qazanmaqla 45 xal toplayaraq Olimpiya rekordunu müəyyənləşdirib.
İtaliyalı Mariya Stanko (40 xal) gümüş medal, avstraliyalı Penni Smit (32) isə bürünc medalı qazanıb.
Qeyd edək ki, Adriana Ruano Oliva bu naticə ilə Qvatemalada ilk Olimpiya çempionu kimi tarixə düşüb. Məlumata görə, birinci dəfə kişilərin yarışında onun həmyerlisi olan Jan-Pyer Broll bürünc medal qazanıb.
Murad Allahverdiyev çıxışını başa vurub
Azərbaycan boksçusu Murad Allahverdiyev 80 kq çəki dərəcəsində 1/4 finalda qazaxıstanlı Nurbek Oralbaya məğlub olduğundan çıxışını başa vurub.
İlk finalçı müəyyənləşib
İspaniyalı məşhur tennisçi Karlos Alkaras Yay Olimpiya Oyunlarında yarımfinal mərhələsində kanadalı Feliks Oje-Alyassimi məğlub edərək finala yüksəlib.
O, finalda Novak Cokoviç (Serbiya) - Lorentso Muzetti (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq.
M.NƏRİMANOĞLU,
"Respublika".