İdmançılarımızın reytinq cədvəli
Gənclər və İdman Nazirliyi tərəfindən olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il iyul ayına olan reytinq cədvəli açıqlanıb. Belə ki, siyahıya 600 xalla cüdoçu Hidayət Heydərov liderlik edir. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 510 xalla ikinci, 430 xal toplayan idman gimnastı Nikita Simonov isə üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və xallar həmin yarışlarda tutulan yerlərə uyğun olaraq hesablanır.
Peşəkar "Çövkən" Liqasında 4-cü tur başa çatıb
Novxanı Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar "Çövkən" Liqasının 4-cü turunun növbəti oyunları keçirilib. "Sərhədçi" və "Köhlən" komandaları arasında baş tutan mübarizə "Sərhədçi" komandasının 10-0 hesablı, "Embawood" və "Zəfər" komandaları arasında keçirilən günün ikinci oyunu isə "Zəfər" komandasının 6-1 hesablı qələbəsi ilə başa çatıb. 10 komandanın mübarizə apardığı Peşəkar "Çövkən" Liqasının 5-ci turunun oyunları avqustun 6-7-də keçiriləcək.
Azərbaycanlı alpinist dünyanın 13-cü zirvəsini fəth edib
Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib. Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir. Bu, İsrafil Aşurlının səkkizinci səkkiz minlik zirvəsi olub. O, iyulun 10-da Pakistan ərazisində yerləşən Qərbi Himalayın ən hündür zirvəsi hesab edilən Nanqa Parbata da süni oksigendən istifadə etmədən qalxmışdı.
Nərgiz İSMAYILOVA,
"Respublika".