Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Digər xəbərlər

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

İyul ayının 10-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Respublika”ya ARVK-nın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda bir sıra məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.

Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

Sonra uzun illər səmərəli vəkillik fəaliyyətinə görə və 40 illik yubileyi münasibəti ilə “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri, Vəkillərin İntizam Komissiyasının üzvü, vəkil İsmayıl Kəngərli Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" adı ilə təltif edilib.

İclasda “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb, o cümlədən ARVK üzvlüyə qəbulla bağlı elektron sistemin təqdimatı olub. Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Bundan başqa, Rəyasət Heyəti tərəfindən peşə hazırlığı və davamlı tədrisin təşkili, o cümlədən bu sahədə digər tədbirlər barədə Fəaliyyət Planının təsdiqi qərara alınıb. Qeyd edilib ki, cari ilin avqust-sentyabr aylarında paytaxt və regionallarda təlimçilər tərəfindən "Elektron vəkil orderi" ilə bağlı hibrid formatında təlimlər keçiriləcək. Eyni zamanda iclasda icbari təlimlərin təşkil edilməsinin önəmli olduğu vurğulanıb.

Həmçinin iclasda Vəkillər Kollegiyası Akademiyasının rəsmi veb-saytının təqdimatı olub. Burada Akademiyanın fəaliyyətinin əsas istiqamətləri ilə bağlı məlumatlar yer alıb.

İclasda Rəyasət Heyəti tərəfindən Kollegiya Aparatının baş hüquqşünas-məsləhətçisi Səttar Məmmədovun Baş katibin müavini (Aparat rəhbərinin müavini) təyin edilməsi barədə qərar qəbul olunub. Eyni zamanda Aparatda yeni Qəbul şöbəsi yaradılıb. Qərara əsasən, həmin şöbəyə isə Rahilə Ağaquliyeva təyin edilib.

“Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş sahələrə baxış keçirilmə ilə bağlı Komissiya”nın tərkibinə, habelə “Turan” Vəkil Bürosunun təsis olunması ilə bağlı məsələyə baxılaraq müsbət qərarlar verilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 4 vəkilə xəbərdarlıq olunub, 2 vəkilin fəaliyyəti isə dayandırılmaqla ARVK üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət edilməsi ilə bağlı qərarlar qəbul edilib.