Faktlar və rəqəmlər
İqtisadiyyat

Faktlar və rəqəmlər

ÜDM istehsalı 4,3 faiz artıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 6,9 faiz artmışdır.

ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olmuşdur.

31,5 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-iyun aylarında 31,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 7,4 faiz artmışdır.

Sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,2 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 5,3 faiz artmışdır.

Əsas kapitala yönəldilmiş vəsait

2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4373,2 milyon manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2747,3 milyon manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 6452,0 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2 milyon manatlıq ərzaq və qeyri-ərzaq məhsulları satılmışdır.

2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 27251,2 milyon manatlıq, o cümlədən 15036,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 12214,8 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,4 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 2,1 faiz artmışdır.

"Respublika".