Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Utananda üzümüz niyə qızarır?

Gün boyu yaşadığımız sevinc, üzüntü, qayğı, əsəb, utanma kimi hisslərimiz üzümüzdəki ifadə və üz rəngimizin dəyişməsi ilə özünü göstərir. Bəzən duyğularımızı gizlətməyə çalışsaq da üz ifadəmiz, yanağımızın qızarması bizi ələ verir.

Gün ərzində qarşılaşdığımız hadisələr, düşüncələr, yaxud xatirələr beynimizdə bir sıra fizioloji və fiziki reaksiyalara səbəb olur ki, bu da simpatik və parasimpatik sinir sistemləri ilə birbaşa əlaqəlidir. Simpatik sinir sistemi aktivləşdikdə böyrəküstü vəzilərdən adrenalin hormonunun ifrazı artır. Bu isə əsəbilik, qəzəb, narahatlıq, ürək döyüntüsü, tərləmə, titrəmə, ağızda quruluq, göz bəbəklərinin genişlənməsi kimi simptomlarla müşayiət olunur.

Utandığımız zaman da bədənimizdə adrenalin hormonu ifraz olunur ki, bu da vücudumuzun temperaturunu ani olaraq artırır. Bədənin ani artan istiliyi simpatik sinir sisteminə təsir edir. Simpatik sinir sistemi üzün qan damarlarını genişləndirərək isinmiş qanı üz bölgəsinə göndərir. Belə halda üz nahiyəsində qızarma baş verir.

Onlar da şəkərə biganə qala bilməyiblər

Alimlər qədim insanlarla bağlı maraqlı araşdırma aparıblar. Qədim insanların şirniyyata münasibəti öyrənilib və tədqiqatlar nəticəsində onların şirin qidaya biganə qalmadıqları üzə çıxıb.

Elm adamları bu fikrə iki mindən çox insan qalığının dişləri üzərində aparılan tədqiqatlar nəticəsində gəliblər. Bu sümüklərin iki milyon il bundan əvvəl yaşamış insanlara aid olduğu bildirilir. Araşdırmalardan məlum olub ki, əcdadlarımız da bizim kimi kariyesdən əziyyət çəkiblər.

Bununla yanaşı, mağara adamlarının sümükləri üzərində aparılan tədqiqatlar nəticəsində onlarda oynaq xəstəliklərinin də olduğu üzə çıxıb. Hazırda alimlər əcdadlarımızın vərəmdən əziyyət çəkib-çəkmədikləri istiqamətində araşdırmalar aparırlar.

Doğrudan da susmaq qızıl imiş...

"Sükut orucu" - əsrlər boyu müxtəlif mədəniyyətlərdə fərqli adlar altında tətbiq edilən oruc növüdür. Müasir dövrdə də insanlar bəzən səs tellərini və beyinlərini artıq yüklərdən qorumaq üçün gün boyu bir neçə saat səssiz qalmağa üstünlük verirlər.

Hind fəlsəfəsində mouna adlı oruc növü var. Hindlilər bunu ilahini dərk etmək üçün istifadə edirlər. Keçmişdə sufilər də 40 gün heç kimlə ünsiyyət qurmayıb inzivaya çəkilər, bununla mənəvi yüksəlişə çatardılar.

"Sükut orucu" qeyri-adi bir təcrübə

 olsa da, onun orqanizmə müxtəlif faydaları var. İndiyə qədər aparılan araşdırmaların nəticələri göstərir ki, bu oruc növü beyni tamamilə təmizləyir, fiziki aktivliyi artırır, yorğunluğu aradan qaldırır. Bundan əlavə, məlum olub ki, sükut dövrlərində qan təzyiqi də aşağı düşür. Dünya tibbində bu artıq alternativ kimi qəbul olunur. Bu təcrübə həmçinin kortizol (stres hormonu) səviyyələrini azaltmağa da kömək edir.

Sürətli yeriyənlər daha zəkalıdır

ABŞ-ın İnsan Davranışı Tədqiqat İnstitutunun alimləri yerişin sürəti ilə intellekt səviyyəsi arasında əlaqə tapıblar. Tədqiqatçılar uzunmüddətli araşdırmadan sonra belə qənaətə gəliblər ki, sürətli yeriyənlərin IQ-sü (intellekt qabiliyyətinin kəmiyyət göstəricisi) asta yeriyənlərdən 3 dəfə çoxdur.

Tədqiqata 10 mindən çox könüllü cəlb edilib. Araşdırmanın nəticələri göstərib ki, aşağı intellekt səviyyəsi olan insanların beynində hərəkət koordinasiyasına təsir edən sahələrin aktivliyi daha azdır.

"Yeriş və intellekt arasında belə güclü bir korrelyasiya (iki və daha artıq təsadüfi dəyişənlər arasındakı statistik əlaqəni təsvir edir) tapmaq bizi heyrətləndirdi. Bu kəşf insan davranışı haqqında anlayışımızı tamamilə dəyişə və hətta intellektual qabiliyyətləri qiymətləndirmə metodlarına təsir edə bilər", - deyə tədqiqat rəhbəri qeyd edib.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".