Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

16 yaşlı hücumçu oyunun ən yaxşı futbolçusu olmaqla rekorda imza atıb

Yarımfinalda keçirilən İspaniya - Fransa matçının (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.

UEFA-nın mətbuat xidmətinin məlumatına görə İspaniya millisinin hücumçusu Lamin Yamal oyunun ən yaxşısı adına layiq görülüb. 90+4-cü dəqiqədə əvəzlənən 16 yaşlı hücumçu 21-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub. Futbolçu bu qolu ilə yeni rekorda imza atıb. Belə ki, Fransaya qarşı matçda qolunun müəllifi olan 16 yaş 338 günlük hücumçu turnirin tarixində qol vuran ən gənc oyunçu adına yiyələnib.

Bundan əvvəlki rekord isveçrəli Yohan Vonlantenə (18 yaş, 141 gün) məxsus idi.

Finalda da qalib gəlmək istəyirik

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente iddialı danışır

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün yarımfinalında Fransaya qalib gəldikləri oyunu şərh edərək deyib ki, biz xoşbəxtik və indi daha çox sevinirik.

Oyunu oxumağı bilən və əla şəkildə oynayan bəzi dahi oyunçularla fəxr edirik. Müdafiədə mükəmməl oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, təhlükəli anlar yaratdıq. Rəqibin bir az da açıq oynamasını istəyirdik və inamlı oyun keçirdik. Bu futbolçularla işləmək imkanım olduğu üçün fəxr edirəm.

Biz tarix yazmağa davam etmək istəyirik. Dincəlmək istəmirik. Berlində finalda mübarizə aparmaq üçün kifayət qədər motivasiyamız var idi. Finalda kimin olmasının fərqi yoxdur. İstənilən rəqib güclü olacaq və ona qucaq açıb gözləyəcəyik. Biz qalib gəlmək istəyirik.

Azarkeşlər arasında dava düşüb

Avropa çempionatının yarımfinal mərhələsinin dünən keçirilən Niderland - İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Xarici KİV-lərin məlumatına görə, Niderland azarkeşlərindən bir qrupu ingiltərəli fanatların üzərinə hücum ediblər və nəticədə 5 azarkeş xəsarət alıb. Hadisəyə səbəb niderlandlı azarkeşlərin İngiltərə bayrağını oğurlamağa cəhd etməsi olub.

Niderland - İngiltərə oyununun ən yaxşı futbolçusu

Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.

UEFA-nın mətbuat xidməti xəbər verir ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb. 28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

İspaniya sübut etdi ki, çox yaxşı komandadır

Fransa millisinin baş məşqçisi Didye Deşam komandasının zəif olduğunu etiraf etdi

Fransa millisinin baş məşqçisi Didye Deşam Avro-2024-ün yarımfinal mərhələsində İspaniyaya uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında bildirib: İspaniya sübut etdi ki, çox yaxşı komandadır. Hesabı açmaq bizə qismət oldu, lakin rəqib topa daha yaxşı nəzarət etdiyi üçün bizə problem yaratdı.

Qeyd etdi ki, bu gün İspaniya öz ustalığını nümayiş etdirdi. Bir az gecikdik və yəqin ki, komanda o qədər də yaxşı formada deyildi. Bu da bəzi texniki xətalara səbəb oldu, xüsusən də hücumumuzda. Biz kifayət qədər irəli getmədik.

İngiltərə millisi finalda İspaniya seçməsi ilə qarşılaşacaq

Çempionatın yarımfinalında dünən keçirilən Niderland - İngiltərə qarşılaşmasında komandalar oyuna bu heyətlə başladılar:

Niderland: 1. Bart Verbruggen, 22. Denzel Dyumfris, 6. Stefan De Vray (k), 4. Vircil Van Dayk, 5. Natan Ake, 24. Cerdi Sxuten, 7. Xavi Simons, 14. Ticcani Reynders, 18. Donye Malen, 10. Memfis Depay, 11. Kodi Qakpo

Baş məşqçi: Ronald Kuman

İngiltərə: 1. Cordan Pikford, 6. Mark Qui, 5. Con Stounz, 2. Kayl Uolker, 12. Kiran Trippye, 4. Deklan Rays, 26. Kobbi Maynu, 7. Bukayo Saka, 10. Cud Bellinqem, 11. Fil Foden, 9. Harri Keyn (k)

Baş məşqçi: Qaret Sautqeyt

Yarımfinal

10 iyul

Niderland - İngiltərə 1:2

Qollar: Xavi Simons, 7 - Harri Keyn, 18. Olli Uotkins, 90+1.

Baş hakim: Feliks Svayer (Almaniya).

Dortmund. "Siqnal İduna Park" stadionu.

Qeyd edək ki, final görüşü 14 iyul tarixində baş tutacaq.

M.NƏRİMANOĞLU,

"Respublika".