Karbon emissiyalarının azaldılması: qlobal hədəflər və milli planlar
Ekologiya

Karbon emissiyalarının azaldılması: qlobal hədəflər və milli planlar

İqlim dəyişmələrinin müzakirə edildiyi ən əhəmiyyətli konfranslardan biri olan COP29 bu ilin noyabrında Bakı şəhərində keçiriləcək. Konfransda dünya liderləri və iqtisadçılar bir araya gələrək qlobal istilik artımını məhdudlaşdırmaq və iqlim dəyişmələrinə qarşı görüləcək cavab tədbirlərini müzakirə edəcəklər. Paris Sazişi çərçivəsində müəyyənləşdirilmiş məqsədlərin həyata keçirilməsi, 2030-cu ildə isə karbon emissiyalarını 50 faiz azaltmaq, 2050-ci ildə qlobal karbon neytrallığına çatmaq kimi hədəflər, konfransın əsas müzakirə mövzuları olacaq.

COP29-da iştirak edən ölkələr karbon emissiyalarının azaldılması ilə bağlı öz milli planlarını təqdim edirlər. Bu planlar hər bir ölkənin öz şərtlərinə və potensialına uyğun olaraq hazırlanır. Buna Azərbaycan, Avropa Birliyi və Çin kimi ölkələrin planları nümunə ola bilər.

Azərbaycanın milli planlarına bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, karbon emissiyalarını azaltmaq üçün enerji səmərəliliyinin artırılması və elektrik nəqliyyat vasitələrinin istifadəsinin təşviqi daxildir. Avropa Birliyi sənaye sektorunda karbon emissiyalarının azaldılması, bərpaolunan enerji mənbələrinə böyük sərmayələr, enerji səmərəliliyi və bərpaolunan enerji layihələrinin genişləndirilməsi kimi tədbirlər həyata keçirir. Çin isə kömürdən istifadənin azaldılması və yenilənə bilən enerji mənbələrinə keçid, elektrik nəqliyyat vasitələrinin istehsalının və istifadəsinin artırılması və şəhərlərdə yaşıl infrastrukturun inkişafı üzərində çalışır.

Milli planların həyata keçirilməsi üçün təklif edilən strategiyalar müxtəlif sektorlarda karbon emissiyalarının azaldılmasına yönəlib. Enerji sektorunda kömürdən və digər fosil yanacaqlardan istifadənin mərhələli şəkildə azaldılması, günəş, külək və hidroenerji kimi yenilənə bilən enerji mənbələrinin inkişafı əsas hədəflərdir. Nəqliyyat sektorunda elektrik nəqliyyat vasitələrinin istehsalının və istifadəsinin təşviqi, ictimai nəqliyyatın genişləndirilməsi və təkmilləşdirilməsi mühüm rol oynayır. Sənaye müəssisələrində enerji səmərəliliyinin artırılması, karbon tutma və saxlama texnologiyalarının tətbiqi nəzərdə tutulur. Aqrar və meşə kənd təsərrüfatında dayanıqlı təcrübələrin təşviqi, meşələrin qorunması, bərpası üçün proqramlar həyata keçirilir.

COP29-da karbon emissiyalarının azaldılması mövzusu qlobal və milli səviyyədə geniş müzakirələrə səbəb olacaq. Qlobal hədəflər və milli planlar, iqlim dəyişmələri ilə mübarizədə vacib rol oynayır və ölkələrin birgə səyləri bu hədəflərə çatmaq üçün vacibdir. COP29 karbon emissiyalarının azaldılması məqsədilə yeni strategiyaların və əməkdaşlıq imkanlarının müzakirə olunması üçün mühüm platformadır. Bu tədbir ölkələrin iqlim dəyişmələri ilə mübarizədə daha ambisiyalı və təsirli tədbirlər görməsinə təkan verəcək və qlobal səviyyədə daha yaxşı nəticələr əldə etməyə imkan yaradacaq.

Gülşən AXUNDOVA,

Qadın, İnkişaf, Gələcək İctimai

Birliyinin sədri,

COP29 Təşkilat Komitəsinin üzvü.