İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Güləş üzrə millimiz birinci olub

Serbiyanın Novi Sad şəhərində keçirilən sərbəst güləş üzrə 20 yaşlıların Avropa çempionatı başa çatıb. Ölkəmizi təmsil edən sərbəst güləş üzrə milli komandamız birinci olub. Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan yığma sonda 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub. Xatırladaq ki, millimizin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

İdmançılarımız turniri uğurla başa vurublar

İtaliyanın Turin şəhərində keçirilmiş akrobatika gimnastikası üzrə "Turin Acro Cup" beynəlxalq turnirində gimnastlarımız 3 qızıl və 1 gümüş medal qazanıblar.

Belə ki, Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük), Daniel Abbasov və Murad Rəfiyev (kişi cütlüyü), Nəzrin Zeyniyeva, Anahita Bashiri və Zəhra Rəşidova (13-19 yaş kateqoriyası üzrə qadın qrupu) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Riad Səfərov, Abdulla Əl-Məşayxi, Rəsul Seyidli və Seymur Cəfərovdan ibarət kişi qrupu yarışı ikinci pillədə başa vurub.

Gimnastlarımız üç medal qazanıblar

İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil edən bədii gimnastika üzrə qrup hərəkətləri komandamız üç medal qazanıb. Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət kollektiv çoxnövçülük proqramı üzrə hakimlərdən 72.000 xal alaraq birinci yeri tutub. Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında 38.050 xal qazanaraq gümüş medala sahib olublar. Üç lent və iki topla hərəkətlərdə də medala layiq görülüblər. Belə ki, çıxışları 32.800 xalla qiymətləndirilən komanda bu dəfə gümüş medal qazanıb. Beləliklə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası beynəlxalq turniri 3 medalla başa vurub.

Dünya Kuboku başa çatıb

Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda çıxış edən idman gimnastımız Mixail Malkin qızıl medal qazanıb. O, bu uğuru tamblinq növündə əldə edib. Digər idman gimnastımız Aleksey Karataşovun da çıxışı uğurlu olub. İdmançı tamblinq növündə qızıl medal qazanıb.

Nərgiz İSMAYILOVA,

"Respublika".