DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

AVROPA İTTİFAQI MACARISTANIN Aİ ŞURASINA SƏDRLİYİNİ LƏĞV EDƏ BİLƏR

Avropa İttifaqı (Aİ) ölkələri Macarıstanın baş naziri Viktor Orbanın Rusiya və Çinə səfərlərindən sonra Budapeştin Avropa İttifaqı Şurasına yarımillik sədrliyini ləğv etmək imkanını nəzərdən keçirirlər. Bu barədə “EUobserver” portalı Avropa diplomatlarına istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Aİ səfirləri Viktor Orbanın Avropa İttifaqı yanında Daimi Nümayəndələr Komitəsinin iclasında Moskva və Pekinə səfərini müzakirə edəcəklər.

Bununla yanaşı, portal qeyd edib ki, Avropa İttifaqı Orbanın səfərləri zamanı Macarıstanın Aİ Şurasına sədrliyinin loqosundan istifadə etməsindən narazıdır.

Eyni zamanda, portalın mənbələri iddia ediblər ki, pərdə arxasındakı bəzi ölkələr Macarıstanın sədrlikdən məhrum edilə biləcəyi ssenarisindən danışırlar və bu ilin sonuna qədər iki ölkə - İspaniya və Belçika eyni vaxtda bu yeri tutacaqlar.

NATO HÜCUMLAR ZAMANI İNTERNETƏ ÇIXIŞ ÜÇÜN YOLLAR AXTARIR

NATO Avropanın sualtı kabellərinə hücumlar zamanı internetə çıxış üçün alternativ vasitələrin axtarışı ilə bağlı layihəni dəstəkləyir. Bu barədə “Bloomberg” agentliyinin məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, hücumlar və ya təbii fəlakətlər zamanı məlumatların sualtı kabellərdən peyk sistemlərinə problemsiz və fasiləsiz yönləndirilməsinə imkan verəcək layihənin hazırlanması 433 min avroya başa gəlib.

Həmçinin bildirilir ki, ümumi dəyəri 2,5 milyon dollar olan layihəni İslandiya, ABŞ, İsveç və İsveçrə alimləri hazırlayırlar. Alyansın elmi proqramının rəhbəri layihənin bu yaxınlarda təsdiqləndiyini və onun icrasına yaxın vaxtlarda başlanılacağını bəyan edib.

Xatırladaq ki, aprelin 16-da NATO Birgə Dəniz Komandanlığının vitse-admiralı Didye Malter Avropa təhlükəsizliyinin asılı olduğu sualtı rabitə şəbəkəsinin son dərəcə həssaslığını diqqətə çatdırıb.

HİNDİSTANDA HƏRBÇİLƏRLƏ ÜSYANÇILAR ARASINDA QARŞIDURMA BAŞ VERİB

Cammu və Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 Hindistan əsgəri və 6 üsyançı həlak olub. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Verilən xəbərə görə, Hindistan əsgərlərini daşıyan avtomobil Cammu və Kəşmirin Maçedi bölgəsində hücuma məruz qalıb. Səlahiyyətlilər hücum nəticəsində 5 əsgərin öldüyünü, 6 əsgərin yaralandığını, qaçan üsyançıların saxlanılması istiqamətində əməliyyatların həyata keçirildiyini açıqlayıb.

Kulqam bölgəsində baş verən iki ayrı qarşıdurmada 2 əsgər həyatını itirib, 6 üsyançı da həlak olub.

Hücumların baş nazir Narendra Modinin Rusiyaya səfəri zamanı baş verməsi diqqət çəkib. Son zamanlar Cammu və Kəşmirdə hücumların sayının artdığı müşahidə olunub. Belə ki, iyunun 9-da hindistanlı zəvvarları daşıyan avtobusa silahlı hücum nəticəsində 9 nəfər həyatını itirmişdi.

FRANSADA OLİMPİADA ZAMANI UÇAN TAKSİLƏRDƏN İSTİFADƏ EDİLƏCƏK

Fransada keçiriləcək Yay Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə ediləcək. Bunun üçün Sena çayında üzən platformanın yaradılmasına icazə verilib. “Trend” agentliyinin xəbərinə görə, Paris meriyasında nəqliyyata məsul olan ekoloq D.Belyard qərara etirazını bildirib. O, qeyd edib ki, bu addım bir neçə lobbi və maliyyə maraqlarını sevindirmək üçün atılıb.

Bununla yanaşı, D.Belyardın sözlərinə görə, bütün solçu, sağçı və ekoloqlar uçan taksi sınağının əleyhinə səs veriblər. Həmçinin o, vurğulayıb ki, indiki hökumət Milli Assambleyada çoxluğa malik deyil və onun heç bir demokratik legitimliyi yoxdur.

Bildirilir ki, elektrikli uçan taksilər ekoloji cəhətdən ziyanlı və çox bahalıdır. İki nəfərlik olan taksilər 35 kilometr məsafə qət edəcək və 100 avrodan baha başa gələcək.

Məlumata əsasən, Paris aeroportu ilə əməkdaşlıq edən Almaniyanın “Volocity” şirkəti uçan taksilərin Olimpiya Oyunları zamanı sınaq üçün hazır olduğunu açıqlayıb.

Verilən xəbərə görə, uçan taksilərin sürəti maksimum saatda 110 kilometr təşkil edəcək. Bu məsafədən sonra taksinin 9 batareyasını yenidən doldurmaq üçün dəyişmək lazımdır. Belə taksilər saatda 2 və ya 3 uçuş reallaşdıra biləcək. Uçan taksilərdə gediş hər kilometrə görə 3-4 avro olacaq. Havada 35 kilometr uçuş 105-140 avroya başa gələcək.

TƏHLÜKƏSİZLİK XİDMƏTLƏRİ TÜRKİYƏ VƏ SURİYA BARIŞIĞINA ƏNGƏL OLMAĞA ÇALIŞIR

Bir sıra ölkələrin xüsusi xidmət orqanları Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına, xüsusən də Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Bəşər Əsədin ehtimal olunan görüşünə mane olmağa çalışır. Bunu Türkiyənin Vətən Partiyasının sədr müavini Hakan Topkurulu bildirib.

“Hürriyet” qəzetinin verdiyi xəbərə görə, Türkiyə və Suriya prezidentləri arasında görüşə ümidlər artır, lakin Dəməşqdə həddən artıq problemlər var. Ərdoğan daha əvvəl bildirmişdi ki, Rusiya lideri Vladimir Putinlə birlikdə Ankara və Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün yeni prosesə başlamaq üçün Suriya prezidenti Bəşər Əsədə dəvət göndərə bilər.

“Ərdoğan və Əsədin görüşü təkcə Ankara və Dəməşq üçün deyil, həm də bütün dünyanın nizamı üçün çox əhəmiyyətlidir. Suriyada Türkiyənin cənub-şərqini bölmək üçün yaradılan PKK İraq və İranda da fəaliyyət göstərir və əslində bu dörd dövləti parçalayaraq Qərbi Asiyada “Kürdüstan” dövləti yaratmağa çalışır”, - deyə Hakan Topkurulu vurğulayıb.

NASA MARSLA BAĞLI BİR İLLİK EKSPERİMENTİ BAŞA ÇADIRIB

NASA insanın Marsa uçuşuna hazırlıq məqsədi daşıyan eksperimental missiyanın uğurla başa çatdığını elan edib. “Trend” agentliyinin “Euronews” telekanalına istinadən verdiyi xəbərə görə, 10 mindən çox namizəd arasından seçilən dörd könüllü Qırmızı Planetdə gələcək kolonistlərin bəzi yaşayış şəraitini simulyasiya edən eksperimental kompleksi - “Mars blokunu” tərk edib. Onlar xarici dünyadan tamamilə təcrid olunmuş vəziyyətdə bir ildən çox yaşayıblar.

NASA ilk növbədə astronavtların eniş sonrası həyatının psixoloji aspektlərini son dərəcə məhdud resurslara malik 160 kvadratmetrlik blokda tədqiq edib.

Məlumata əsasən, astronavtlar bütün il boyu “Yerdən götürülmüş” konservlərlə qidalanıb və kiçik bir istixanada tərəvəz yetişdirməyə çalışıblar. Bu zaman resurslardan, xüsusən də sudan qənaətli istifadə ön plana çəkilib.

Bundan əlavə, bütün eksperimental blok və “planetin” ətrafı 3D printerdə çap olunub. Alimlər istisna etmirlər ki, bu xüsusi texnologiya Qırmızı Planetdə bol olan qumdan istifadə edərək Mars koloniyalarının qurulmasına imkan yaradacaq.

QAÇAQMALÇILARDAN 2 MİN YAŞI OLAN HEYKƏL MÜSADİRƏ EDİLİB

İranın hüquq-mühafizə orqanları Tehranda 2 min yaşı olan heykəli qanunsuz yolla əldə etmiş iki qaçaqmalçı saxlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Tehran polisinin cinayətlərin qarşısının alınması bölməsinin rəisi, polkovnik Əli Kasempur bildirib.

Məlumata əsasən, polkovnik vurğulayıb ki, cinayətkarlar ölkənin cənub əyalətlərindən birində Parfiya dövründən qalma abidəni oğurlayıblar, hətta abidəyə müştəri də tapılıb və 14 milyon dollar ödəmək planlaşdırılıb.

Qeyd edək ki, son illərdə İran gömrük rəsmiləri minlərlə arxeoloji əsərin xaricə qanunsuz ixracını dayandırıb. Belə ki, bir neçə il əvvəl Kirman əyalətində polis qeyri-leqal satıcılardan yaşı 4500 ilə çatan antik əşyanı müsadirə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.