Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Qırmızı planetdə bitki tapılıb

Çinli alimlər Marsda “çöl mamırı” tapıblar. Marsın ekstremal hava şəraitinə tab gətirə bilən bu bitki qırmızı planeti yaşayış üçün əlverişli edir.

"The Innovation" jurnalında dərc edilən araşdırmaya görə, sözügedən bitki Antarktidada və Mohave səhrasında bitir. Araşdırmalar göstərib ki, bu bitki ekstremal soyuğa, anormal istiyə və quraqlığa, həmçinin yüksək radiasiya səviyyəsinə dözümlüdür. Təcrübə zamanı mamır mənfi 80 dərəcə temperaturda beş ilə qədər və mənfi 196 dərəcə temperaturda 30 günə qədər qaldıqdan sonra normal böyümə şəraitində regenerasiya edə bilib. Həmçinin bitki qamma şüalanmasının təsirinə məruz qalıb.

Florida Universitetinin (ABŞ) mütəxəssislərinin sözlərinə görə, bu cür bitkiləri qida kimi qəbul etmək olmaz, lakin onların başqa üstünlükləri var. Belə ki, onlar karbon qazını və suyu səmərəli şəkildə oksigenə və karbohidratlara çevirirlər ki, bu da insanların yaşaması üçün lazım olan hava və qida deməkdir. Bu kəşf Mars missiyaları və gələcək kosmik kolonizasiya planları üçün böyük əhəmiyyət kəsb edir.

"Hyundai" yeni elektromobilini təqdim edib

Cənubi Koreyanın nəhəng avtomobil istehsalçısı "Hyundai" büdcəli elektromobillər bazarına daxil olur. Bu istiqamətdə şirkət "Hyundai Inster" adlı elektromobilini təqdim edib.

Şirkətin bu elektromobili retro dizayna sahibdir və nisbətən az məsafədə yol qət etmə imkanını təklif edir. "Hyundai Inster" iki versiyada hazırlanıb. Birinci versiya 42 kilovat-saat həcmli batareyaya sahibdir və o, bir dəfə şarj olunandan sonra 300 kilometr yol qət edə bilir. İkinci versiya isə 49 kilovat-saat həcmli batareyaya sahibdir ki, bu da ona bir dəfə şarj olunandan sonra 355 kilometr yol qət edə bilmə imkanı qazandırır. Birinci versiya 95 at gücündə, Long Range adlı, ikinci versiya isə 113 at gücündə olan elektrikli mühərriki əldə edib. "Hyundai Inster"in interyerində həm fiziki düyməli, həm də sensorlu idarəetmə elementləri mövcuddur. Şirkət bildirib ki, elektromobilin salonunda 10.3 düym ölçülü məlumat paneli və eyni ölçüdə multimedia ekranı yerləşəcək. Məlumata əsasən, elektromobilin qiyməti 26 000 ABŞ dolları olacaq. O, ilk növbədə Cənubi Koreya, daha sonra isə Avropada və digər regionlarda satışa çıxacaq.

Dünyanın ən güclü günəş elektrostansiyası tikiləcək

Çində dünyanın ən güclü günəş elektrostansiyası inşa ediləcək. Şirkətdən bildirilib ki, elektrostansiyanın inşasına bu ilin sentyabr ayında start veriləcək.

Məlumata əsasən bu günəş elektrostansiyasının inşası 11 milyard dollara başa gələcək və o, Pekin, Tyantszin və Hebei şəhərlərini elektrik enerjisi ilə təmin edəcək.

Yeni günəş elektrostansiyası ümumilikdə 8 giqavat elektrik enerjisi istehsal edə biləcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, hazırda Çində yerləşən dünyanın 3 ən böyük günəş elektrostansiyasından hər biri ümumilikdə 3 giqavat elektrik enerjisi istehsal edir. İnşası planlaşdırılan yeni günəş elektrostansiyası Çinin muxtar rayonu olan Daxili Monqolustanda inşa ediləcək. Qeyd edək ki, onun 2027-ci ilin iyun ayına kimi istifadəyə veriləcəyi nəzərdə tutulur.

İnsanların axtarışı üçün sistem yaradılıb

Rusiyanın Sibir Dövlət Telekommunikasiya və İnformatika Universitetinin alimləri qapalı məkanlarda insanların axtarışı üçün sistem hazırlayıblar.

Axtarış işlərində istifadə edilən sistem "Wi-Fi" vasitəsilə çalışır. "Wi-Fi"yə çıxışı olan cihaz şəbəkəyə giriş nöqtələrinin parametrlərini və bu nöqtələrdən istənilən obyektə siqnal səviyyələrini təyin edir. Sistem bu məlumatları toplayır və serverə göndərir. Burada hər bir nöqtəyə qədər olan məsafə hesablanır və obyektin koordinatları müəyyən olunur. Ətrafdakı "Wi-Fi" nöqtələri nə qədər çox olsa, nəticə bir o qədər dəqiq olur. Bundan əlavə, sistemdən əlil, azyaşlı kimi və s. insanların oriyentasiyasına köməklik etmək üçün də istifadə edilə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".