Avro-2024 Xəbərlər
İdman

Avro-2024 Xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbolçulara dəstək oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin milli komandasının Avro-2024-ün 1/4 finalında Niderlandla keçirilən oyunu stadiondan izləyib. Görüş başa çatdıqdan sonra komandanın paltardəyişmə otağına gedib.

Prezident 1:2 hesabı ilə uduzaraq turnirlə vidalaşan komanda üzvlərinə dəstək olub. O, yarışda layiqli çıxış etdikləri üçün milli komandanı təbrik edib: "Hamınızı təbrik edirəm. Bu gün burada bu nəticəni alsaq da, siz bizim çempionumuzsunuz. Sizdən məmnunuq. Komandanın gələcəyi var".

UEFA-nın Merih Demiralı diskvalifikasiya etməsi sırf siyasi qərardır

Türkiyə Prezidenti bildirib ki, qərar Avropa çempionatına ciddi kölgə salıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Demiralı iki oyunluq diskvalifikasiya etmək qərarını siyasi motivli adlandırıb. O, Berlində keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Türkiyə-Niderland oyununda onu müşayiət edən jurnalistlərlə söhbətində UEFA-nın qalmaqallı qərarını şərh edərək deyib ki, UEFA-nın Merih Demiralla bağlı diskvalifikasiya qərarı Avropa çempionatına ciddi kölgə salıb. Bu, sırf siyasi qərardır.

Türkiyə Prezidenti qeyd edib ki, UEFA-nın türk futbolçu ilə bağlı mövqeyi şəxsən Demirala qarşı deyil, bütövlükdə türk xalqını cəzalandırmaq cəhdidir.

Türkiyə lideri Niderland ilə oyunda niderlandlı futbolçunun qaydaları açıq-aşkar pozduğuna görə hakimin penalti təyin etmədiyini vurğulayaraq bildirib ki, Türkiyə bundan sonra da futbolu inkişaf etdirəcək və getdikcə qarşısına daha iddialı hədəflər qoyacaq.

Azarkeşlər İspaniya - Almaniya oyununun yenidən keçirilməsini istəyir

Almaniya millisinin İspaniyaya 1:2 hesabı ilə uduzduğu Avro-2024-ü 1/4 final matçının yenidən keçirilməsi üçün 300 mindən çox alman azarkeş onlayn petisiya imzalayıb.

Onlar oyunun baş hakimi Entoni Teylorun (İngiltərə) çoxsaylı səhv qərarlar verdiyini düsünür. Məsələn, qeyd edirlər ki, 106-cı dəqiqədə Bundestimin futbolçusu Camal Musialanın zərbəsindən sonra top rəqib müdafiəçi Mark Kukurelyanın əlinə dəysə də, Teylor penalti təyin etməyib.

Türkiyə gələcəkdə daha hörmətli görünəcək

Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avropa çempionatının 1/4 finalında Niderlanda qarşı keçirdikləri oyunu şərh edərək 90 dəqiqə ərzində Niderland qədər mübarizə apardıqlarını deyib. Bacardığımız hər şeyi göstərdik. Çempionatda yaxşı oynadıq. Həmkarlarım və digər peşəkarlar da bizi təbrik etdi. Xeyli gənc oyunçularımız var. İnanılmaz şəkildə canlarını qoydular və onlarla fəxr edirəm. Bu futbolçular sevilməyi haqq edirlər. Bu turnirdən sonra Türkiyə gələcəkdə daha hörmətli görünəcək.

Qaret Sautqeyt yerli mətbuatı tənqid etdi

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt xarici kiv-ə müsahibəsində yerli mətbuatı tənqid edərək deyib ki, hər bir oyuna qələbə üçün çıxırıq. Bunun üçün hər matça xüsusi hazırlaşırıq, ancaq məşq bitdikdən sonra mediamız məlumatları sızdırır. Rəqiblər artıq nəyi necə edəcəyimizi bilir. İngiltərə millisi Avro-2024-ün yarımfinalında Niderlandla qarşılaşacaq.

Meydanda da sənin üçün darıxacağıq

Almaniyalı futbolçu Toni Kroosun həyat yoldaşı Cessika Kroos ərinin karyerasını bitirməsi ilə bağlı sosial şəbəkə hesabında təsirli paylaşım edərək bildirib ki, 16 il ərzində biz futbolda demək olar ki, hər şeyi yaşadıq.

Çox yüksəlişlər və bəzən enişlər oldu. Birlikdə qeyd etdik, həm də dəfələrlə birlikdə ağladıq, həll yollarını tapmağa çalışdıq. Bu gün hamımız inanılmaz dərəcədə kədərlənirik, amma başımızı dik tutmalıyıq. Sən bizim qəhrəmanımızsan, məni bu səyahətə çıxardığın və həyat yoldaşın olmağıma icazə verdiyin üçün sənə təşəkkür edirəm. Nəhayət, bizimlə olduğun üçün çox şadıq, lakin meydanda da sənin üçün darıxacağıq.

Türkiyə millisinin ümumi qazancı

Avropa Çempionatında mübarizəni 1/4 finalda dayandıran Türkiyə millisinin ümumi qazancı ümumilikdə 15.25 milyon avro olub.

Bunun 9.25 milyonu AÇ-2024-ə iştiraka, təkcə qələbəyə görə mükafat 2 milyon avro olub.

Bununla yanaşı, komanda 1/8 finala yüksəldiyinə görə, 1.5 milyon, 1/4-ə çıxdığına görə isə 2.5 milyon avro qazanıb.

Qeyd edək ki, Türkiyə millisi AÇ-2024-ün 1/4 final mərhələsində Niderland yığmasına 2:1 hesabı ilə uduzduqdan sonra mübarizəni dayandırıb.

İspaniya - Fransa oyununu Slavko Vinçiç idarə edəcək

Bu gün yarımfinalında keçiriləcək İspaniya - Fransa oyununu Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç idarə edəcək. Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvan Kruzliak (Slovakiya) yerinə yetirəcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər

Niderland millisinin baş məşqçisi Ronald Kuman Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Türkiyəyə qarşı oyundan sonra mətbuat konfransında deyib ki, bütün xalq üçün bu xüsusidir.

Biz kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu emosional matç olsa da, böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdur.

Qeyd edək ki, Niderland - Türkiyə matçında R.Kumanın komandası 2:1 hesablı qələbəyə sevinib.

M.NƏRİMANOĞLU,

"Respublika".