Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"EU Reporter": Azərbaycan Avrasiya ticarət dəhlizinin mərkəzindədir

"EU Reporter" xəbər saytı Azərbaycanın günbəgün artan nüfuzu barədə məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, müxtəlif təbii sərvətlərlə zəngin Xəzəryanı respublika olan Azərbaycan Şərqlə Qərbin kəsişməsində unikal coğrafi mövqeyə malikdir. Sabitlik, yüksək beynəlxalq nüfuz, nəqliyyat və logistika infrastrukturuna vaxtında investisiya qoyuluşu ölkənin regional mərkəzə və Avrasiya iqtisadi mənzərəsinin mühüm halqasına çevrilməsinə imkan verib. Yazıda, ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişləndiyi də işıqlandırılıb: "Azərbaycan dünyanın hər yerindən investorları cəlb edir. İyirmi il ərzində ölkədə ÜDM dörd dəfədən çox artıb. Otuz il ərzində investisiya portfelinin həcmi 310 milyard dolları ötüb, 200 milyard dollara yaxın vəsait qeyri-neft sektoruna yönəldilib. Hazırda hökumətin əsas iqtisadi vəzifəsi karbohidrogenlərdən asılılığı azaltmaq üçün iqtisadiyyatın daha da şaxələndirilməsidir. Mərkəzi Asiya ölkələri, türk və ərəb dünyası, Çinlə əməkdaşlıq Azərbaycanın zəngin qeyri-enerji potensialını tam üzə çıxarmasına töhfə verir".

“TRT Haber”: Davamlı sülhün bərqərar olmasına dəstək

Rəsmi Ankara Azərbaycanla Ermənistan arasında daimi sülhün bərqərar olmasına yönəlmiş bütün xoşniyyətli səylərə dəstək verməyə hazırdır. Bu ifadələr Türkiyə Milli Təhlükəsizlik Şurasının keçirilən iclasının nəticələrinə dair bəyanatda qeyd olunub.

"TRT Haber"in verdiyi məlumata görə, mayın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə dövlət başçısının Beştəpə iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının bu ildəki üçüncü iclası keçirilib. Qəbul olunan bəyanatda bildirilib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında danışıqlar zamanı əldə olunan uğurlu nəticələrin sülh sazişi ilə başa çatmasını arzu edir və davamlı sülhün bərqərar olmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır.

"Anadolu Agency": Müstəqilliyin 106-cı ildönümü qeyd edilir

Azərbaycan 1918-ci il mayın 28-də elan edilmiş müstəqilliyinin 106-cı ildönümünü qeyd edib.

Bu barədə "Anadolu Agency" xəbər saytı məlumat yayıb. Dövlətin qurucusu sayılan Məhəmməd Əmin Rəsulzadənin sədrlik etdiyi Azərbaycanın o vaxtkı Milli Şurasının verdiyi bəyannamə müsəlman Şərqinin ilk demokratik respublikasının əsasını qoydu. Qısa müddətdə yeni qurulan ölkədə iqtisadiyyat, təhsil, dini etiqad və vicdan azadlığı sahələrində islahatlar aparılıb, bütün vətəndaşlara bərabər hüquqlar verilib. Azərbaycan həm də müsəlman Şərqində qadınlara səsvermə hüququ verən ilk ölkə oldu.

"Vestnik Kavkaza": Azərbaycan idmançısı Avrasiya kubokunda beş qızıl medal qazanıb

Mayın 26-28-də Rusiyanın Sankt-Peterburq şəhərində beynəlxalq atçılıq yarışları keçirilib. Kubok azərbaycanlı iştirakçının qələbəsi ilə başa çatıb - o, beş qızıl medal qazanıb və uğurlarını Azərbaycanın Müstəqillik Gününə həsr edib.

"Vestnik Kavkaza" bildirir ki, Azərbaycan idmançısı Aydın Əlibəyov "Maxima Masters" Avrasiya Kubokunda 5 qızıl medala layiq görülüb.

A.Əlibəyov ilk gün cavan atlar (5-7 yaş) arasında keçirilən üç atın iştirak etdiyi yarışda iki qızıl, Prix Sant George proqramında da bürünc medal qazanıb. Turnirin ikinci günündə idmançı Intermediate 1 Freestyle proqramının qalibi olub, həmçinin gənc atlar arasında iki "qızıl" qazanıb.

"Sports.kz": Millinin qapıçısı Qazaxıstan oyunu ilə bağlı sualları cavablandırıb

"Sports.kz" yazır ki, Türkiyənin "Adana Dəmirspor" və futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Şahruddin Maqomedəliyev qarşıdakı yoldaşlıq oyunları ilə bağlı sualları cavablandırıb. Qarşıda Azərbaycan millisini yenə baş məşqçisiz keçiriləcək Albaniya və Qazaxıstanla yoldaşlıq oyunları gözləyir". Bütün bunlar haqqında nə düşünürsünüz?, - sualına cavabında qapıçı bildirib ki, bu toplanışlarda baş məşqçimiz olacaq, bu da Arif Əsədovdur: "Yoldaşlıq görüşlərinə gəlincə, yaxşı komandalara qarşı oynayacağıq. Maraqlı qarşılaşmalar olacaq", - deyə Şahruddin Maqomedəliyev qeyd edib. Xatırladaq ki, iyunun 7-də Albaniya ilə oyun Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə iyunun 11-də saat 18:00-da başlayacaq. Qeyd edək ki, milli komandamız hər iki matçını Macarıstanın Sombatxey şəhərindəki "Haladas Sport Komplexum"da keçirəcək.

“Respublika”.