Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzində interaktiv səsli cavablandırma (IVR) xidmətinin təkmilləşdirilməsi işləri davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Respublika”ya verilən məlumata görə, bu işlər çərçivəsində artıq səsli menyu vasitəsilə daha bir istiqamət – uşağın anadan olmasına görə birdəfəlik müavinətlə bağlı müraciətin cari statusu üzrə məlumatın verilməsi xidməti də avtomatlaşdırılıb. “142” Çağrı mərkəzinə müraciət edən şəxslər artıq həm iş, həm də qeyri-iş vaxtlarında operatora bağlanmadan müvafiq xidmət üzrə seçim etdikdən sonra üç (3) rəqəmini sıxmaqla bu istiqamətdə səsli menyu vasitəsilə məlumat əldə edə bilirlər.
Habelə ünvanlı sosial yardım, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, yaşa görə pensiya, dəfn üçün birdəfəlik müavinətə görə müraciət qaydalarına dair qanunvericiliyin izahı xidmətləri də elektronlaşdırılıb.